Türk Şurasının baş katibi Bağdad Amreyev Şuranın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş fövqəladə zirvə görüşünün yaranmış fors-major situasiyadakı əhəmiyyəti və koronavirusla mübarizə tədbirlərində nə qədər effektiv rol oynayacağını Azərbaycan Televiziyasının "Koronavirusinfo" verilişində şərh edib.

B.Amreyi qeyd edib ki, dünyada baş verən böhran türkdilli ölkələri də yeni əməkdaşlıq formalarına üz tutmağa sövq etdi: "Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevin təşəbbüsü  aprelin 10-da keçirilən sammit bu prosesdə əhəmiyyətli rol oynadı. Bizim ölkələrimiz böhranın ilk günlərindən vaxtında, genişmiqyaslı tədbirlər gördü, həmçinin bu və ya digər məsələrin həllində bir-birinə yardım etdilər. Bu sammit zamanı prezidentlərimiz görüşərək, vəziyyət müzakirə etdilər, milli səviyyədə atılan addımlarla, eləcə də pandemiyanın səbəb olduğu böhranın aradan qaldırılması ilə bağlı atılacaq birgə addımlarla bağlı fikir mübadiləsi apardılar".

Baş katib qeyd edib ki, dövlət başçıları hökümət strukturları, xüsusilə səhiyyə strukturları ilə bağlı əməkdaşlıqda razılığa gəliblər: "Biz aprelin 28-də səhiyyə nazirlərimizin video-konfransını keçirəcəyik. Gündəlikdə çox sayda məsələlər yer alıb. Onlar səhiyyə sahəsində mümkün əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. İlk növbədə əlbəttə ki, pandemiya ilə bağlı".

B.Amreyi bildirib ki, pandemiyanın iqtisadi təsirləri də qaçılmazdır və bu təsirlərin minimallaşdırılması üçün birgə əməkdaşlıq vacibdir: "Xüsusilə mövcud-ticari əlaqələri, tranzit daşımalarında əməkdaşlığı qorumaq çox vacibdir. Mayın 4-də biz xüsusilə ərzaq təhlükəsizliyi məsələri, eləcə də tibbi ləvazimatların və ilkin təsərrüfat mallarının təchizatı ilə bağlı ölkələrimizin iqtisadiyyat nazirlərinin də görüşünü keçirəcəyik".

Baş katib birgə İnvestisiya Fondunun yaradılması ilə bağlı işlərin davam etdiyini qeyd edib: "Yeri gəlmişkən, qeyd edim ki, fondun yaradılması təşəbbüsü 2015-ci ildə prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Bu istiqamətdə işləyirik. Ümid edirik ki, növbəti sammitdə artıq bu fond yaradılmış olacaq".